Bençmarkinqin əhəmiyyəti- Kreditlərin anderraytinqi prosesində

Bençmarkinq – qısa olaraq müqayisə mənası daşıyır. İqtisadi terminalogiyada bençmarkinq,geniş anlamda biznes subyektlərinin fəaliyyətini qiymətləndirmək və təkmilləşdirmə imkanlarının müəyyən edilməsi üçün müqayisəyə əsaslanan effektiv yol kimi izah edilir.

Biznes subyektlərinin özlərinin həyata keçirdiyi bençmarkinq öz işini təkmilləşdirmək məqsədilə müəssisənin effektiv fəaliyyəti üzrə mövcud nümunələrinin müəyyən edilməsi, başa düşülməsi və uyğunlaşdırılması prosesində sektorun və ya rəqiblərin etalon göstəricilərinə əsaslanan müqayisəli təhlil kimi izah edilir.

Bençmarkinqin növləri aşağıdakı kimi təsnifatlaşdırılır:


Maliyyə bençmarkinqi müəssisələr tərəfindən rəqibləri ilə müqayisədə maliyyə nəticələrini qiymətləndirmək üçün istifadə olunur. Nümunə: Pərakəndə mebel mağazası öz gəlirini, gəlirliliyini və bazar payını digər oxşar ölçülü pərakəndə satış şəbəkələri ilə müqayisə edə bilər. Bu, onlara maliyyə göstəricilərinin yaxşılaşdırıla biləcəyi sahələri müəyyən etməkdə kömək edə bilər və onlara biznes planları ilə bağlı peşəkar qərarlar qəbul etməyə imkan verə bilər.

Banklar üçün bençmarkinq biznes kreditlərinin təhlilində kreditləşdirilən potenisal biznes subyektlərinin mövcud sektor və fəaliyyət sahəsi üzrə fəaliyyət göstərən faktiki müştərilərinin və ya əvvəlcədən məlum olan standart məlumatlara əsaslanan müqayisəyə əsaslanır.

Əksər hallarda təhlil prosesi sadəcə maliyyə hesabatlarının tərtibi və maliyyə əmsallarında təsvir edilməsi ilə kredit anderraytinqinin tamamlanması kimi anlaşılır. Reallıqda isə kredit anderraytinqinin əsas hissəsini maliyyə bençmarkinqi təşkil edir.

Banklar tərəfindən sektor və fəaliyyət növləri üzrə maliyyə bençmarkinqinin formalaşdırılması hazırkı şəraitdə müəyyən çətinliklər yaradır. Əksər hallarda qərar verilən zaman sadəcə ekspert qiymətləndirilməsi yanaşması əsasında pərakəndə məlumatlara əsaslanan analitiklərin şəxsi təcrübəsinə əsaslanır. Bu zaman ekspert qiymətləndirməsi şifahi bilgilərə və üçüncü şəxlərdən əldə edilmiş məlumatlar, habelə biznes subyektinin özünün təqdim edilmiş məlumatların çarpaz yoxlanmasına əsaslanır. Nəticədə qərar verilməsində qeyri-peşəkarlıq müşahidə olunur.

Bankların bençmarkinqin formalaşdırlmasında əsas çətinliklərini aşağıdakı kimi təsvir etmək olar:

·       Sektor və fəaliyyət sahələri üzrə mərkəzləşdirilmiş məlumat bazasının olmaması(makro səviyyədə): Bu problem dövlətin maliyyə, statistika və vergi orqanları tərəfindən həll edilə bilər;

·       İkili mühasibatlığın mövcudluğu(mikro səviyyədə): Bu istiqamətdə son dövrlərdə addımlar atılmaqdadır(elektron qaimə, dövriyyələrin bank hesabları üzərindən hərəkəti üzrə tələblərin artması, nağd dövriyyənin məhdudlaşdırılması, istehlakçıların ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı tədbirlər və.s);

·       Eyni sektor və fəaliyyət növləri üzrə individuallığın olması:   Bu individuallıqlara coğrafi yerləşmə, mövsümülük, ictimai-dini faktorlar, logistika(həm satış, həm də xammal və materialın əldə edilməsi), idarə etmə, təcrübə, korporativ quruluş, biznes subyektinin hüquqi quruluşu və.s aiddir;

·       Resursların məhdudluğu: Bankların əksəriyyətində proqram təminatı yalnız kreditin izlənməsi üzərindən qurulmuşdur. Borcalanın maliyyə məlumatları daxil kredit memorandumu və monitorinq məlumatları sistemdə əks olunmur(Excel faylında qeyd edilir). Bura həmçinin Bankın qeyd olunan məlumatlarının əldə olunması və analizini həyata keçirəcək insan resursu çatışmazlığı da aiddir;

·       Maraqların olmaması: Bu misal əsasən bankdaxili faktorları özündə cəmləşdirir. Belə ki, bank daxilində bençmarkinq qurularsa kənarlaşma halları aydın görünəcək və maraqların olması ehtimalını aşkara çıxaracaq.

Banklarda bençmarkinqin formalaşdırlması ilə bağlı tövsiyyələri aşağıdakı kimi qeyd etmək olar:

·     Maliyyə bençmarkinqi üçün zəruri olan maliyyə əmsallarının müəyyən edilməsi: Maliyyə əmsalları kimi likvidlik, maliyyə strukturu, fəaliyyət, mənfəətlilik və s. istifadə oluna bilər;

·     Maliyyə bençmarkinqi ilə bağlı zəruri olan məlumatların Bank sisteminə inteqrasiyasını təmin etmək: Bu hissədə maliyyə əmsalları və zəruri nəticələrin əldə edilməsi üçün bankdaxili sistemə məlumatların daxil edilməsi və emalı imkanlarının yaradılması nəzərdə tutulur;

·     Kreditlərin satışı, anderraytinqi və monitorinqini həyata keçirən strukturların koordinasiyalı hərəkətini təmin etmək: Məlumatların toplanması, bankdaxili sistemdə əks olunması, həmin məlumatlardan istifadə imkanları, borcalanın məlumatlarının cari və proqnoz göstəricilərini izləməsi daxil olmaqla işlərin strukturlararası koordinasiyalı təşkili bençmarkinqin adekvat olmasına şərait yaradır;

·     Mütəmadi maliyyə bençmarkinqi üzrə təhlillərin aparılması: Risklərin İdarə Edilməsi, Kredit Anderraytinqi və Monitorinq strukturları borcalanlar və kənar mənbələrdən əldə edilmiş məlumatları üzləşdirərək sektor və fəaliyyət növləri üzrə etalon təşkil edəcək normativlərin əldə edilməsinə nail olması nəzərdə tutulur.

Banklarda bençmarkinqin olması üstünlüklərini aşağıdakı kimi təsvir etmək olar:

·     Kreditləşmə üzrə qərarvermədə kənarlaşmaların azalması və dəqiqliyinin artması;

·     Koordinasiyalı iş mühitinin formalaşdırlması: “Satış – Kredit Anderraytinqi–Monitorinq” – bütün mərhələlərdə təhlil və qiymətləndirilmə ilə bağlı buraxılmış səhvlərin müəyyən edilməsinə və etalonların yenidən işlənməsinə kömək edəcək;

·     Biznes kreditləri üzrə reytinqin yaradılmasına imkan yaradacaq: Sektor və fəaliyyət növləri üzrə bençmarkların müəyyən edilməsi qərarverməni asanlaşdıracaq hətta biznes kreditlər üzrə avtomatlaşdırılmış reytinq sisteminə əsaslanan qərarların qəbuluna şərait yaradacaq;

 

Maliyyə bençmarkinqinə nümunə olaraq aşağıdakı təsvir verilmişdir.

Banklarda maliyyə bençmarkinqi qurulan zaman maliyyə məlumatları və maliyyə əmsallarından əlavə biznes subyektləri üzrə aşağıdakı xarakteristikalar nəzərə alınmalıdır:

·       Sektor və fəaliyyət növü;

·       Təşkili hüquqi forması;

·       Coğrafi yerləşmə;

·       Topdan və pərakəndə olması;

·       Mövsümülük;

·       Uçotun aparılması;

·       İdarəetmə;

 

Maliyyə Beçmarkinqinin Banklarda qurulması kreditləşmədə operativliyin artmasına və kənarlaşmaların azalmasına şərait yaradacaq.

 

Hörmətlə, Elnur Vəliyev